Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının 3cü bəndinin 3-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası təsdiq edilsin (əlavə olunur).
- Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 12 avqust 1999-cu il № 130
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 12 avqust tarixli 130 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması QAYDASI
- Bu Qayda "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınmasının qaydasını müəyyən edir.
- Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş mədəniyyət sərvəti hesab olunan bütün əşyalara şamil edilir.
- Mədəniyyət sərvətlərinin ilkin qeydiyyatı tabeliyində mədəniyyət müəssisəsi olan təşkilatlar tərəfindən Mədəniyyət Nazirliyinin, Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin təsdiq etdiyi müvafiq təlimatlara uyğun olaraq həyata keçirilir.
- Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəniyyət sərvətlərinin mühafizə siyahısına mədəniyyət sərvəti əşyasının, obyektinin mənşəyi, onun mülkiyyətçisi, təsviri, dəyəri və mühafizə dərəcəsi haqqında məlumatlar yazılır və bunların əsasında mədəniyyət sərvətinin mülkiyyətçisinə şəhadətnamə verilir.
- Mədəniyyət sərvətinin qiyməti və mühafizə dərəcəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.
- Dövlət kitabxanalarının, idarə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, muzeylərin və arxivlərin fondlarında olan mədəniyyət sərvətlərinin aşkara çıxarılması, qeydiyyatı və mühafizəsi ilə həmin təsisatlar məşğul olurlar. Bu təşkilatlar mədəniyyət sərvətinin Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəniyyət sərvətlərinin mühafizəsi siyahısına daxil edilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə məlumat verməlidirlər.
- Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan milli və bəşəri əhəmiyyəti olan nadir mədəniyyət sərvətləri daxil edilir.
- Mədəniyyət sərvətlərinin mühafizə siyahısına "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan xalq tətbiqi sənəti nümunələri, mədəniyyət və incəsənət əsərləri, muzey, kitabxana və arxivlərdə saxlanılan əşyalar daxil edilir.
- Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş obeyktlər mülki dövriyyədən çıxarılır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi olmadan onları ləğv etmək, başqa yerə köçürmək, surətini çıxarmaq və bərpa etmək qadağandır.
- Ən əhəmiyyətli məddəniyyət sərvətlərini qorumaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi müəyyən ərazinin (şəhərin, rayonun) mədəniyyət sərvətlərinin mühafizə siyahısını aparırlar.
- Mülkiyyətçiyə və ya istifadəçiyə bir ay ərzində mədəniyyət sərvətinin mühafizə siyahısına daxil edildiyi barədə şəhadətnamə və ya onun sərbəst istifadəsinə icazə verilir. Belə şəhadətnamə və ya müvafiq icazə olmadan mədəniyyət sərvətləri iləəlaqədar əqdlər bağlanmasına yol verilmir.
- Obyektin milli mədəniyyat əmlakına aid edilməsi məsələsini Azərbaycan Respublikasının Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin və Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin təqdimatlarına əsasən müvafiq qərar qəbul edilməklə həll edilir.
- Milli mədəniyyət əmlakı sayılan mədəniyyət sərvətinə aid sənədlər baxılmaq üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə verildikdə, onların "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilməsi məsələsinə 2 ay ərzində baxılmalıdır.
- Xilas edilməsi üçün təcili tədbirlərə ehtiyacı olan milli mədəniyyət əmlakı obyektlərinin qeydiyyatı ayrıca aparılır.
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası komitəsi milli mədəniyyət əmlakı obyektlərinin qorunmasına nəzarət edirlər.
- Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət obyektlərinə xüsusi mühafizə dərəcəsi şamil edilir.