07.07.2010
"Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
"Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 893-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının "Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş ixtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanunun 17-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.5. öz səlahiyyətləri daxilində "Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. Müəyyən edilsin ki: 2.1. "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndində və 17-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 2.2. həmin Qanunun 20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında və 2.10-cu bəndinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 21 dekabr 2009-cu il